Aqrar İnkişaf Könüllülərinin “Öyrənən fermer” layihəsinin açılış mərasimi keçirilib
Bakı, 3 sentyabr, AZƏRTAC
Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı və BMT İnkişaf Proqramının “Aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin tərəfdaşlığı ilə “Öyrənən fermer” layihəsinə start verilib. Üç gün davam edəcək layihə Şəki, Göyçay, Goranboy rayonlarında keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi regionlarda fermerləri meyvəçilik, torpaqların deqradasiyasının bitkilərin məhsuldarlığına təsiri, ilkin tibbi yardım kimi mövzularda təlimlərə cəlb etmək, təsərrüfat üçün faydalı internet resursları, Dövlət Aqrar İnkişaf mərkəzlərinin göstərdiyi xidmətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları haqqında məlumat vermək, eyni zamanda, fermerlərin bilik və bacarıqlarını artırmaqdır.
Layihənin açılış mərasimi Şəki şəhərində Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş tutub. Tədbiri açan Aqrar İnkişaf Könüllüləri Təşkilatının sədri Sarvan Cəbrayılzadə bildirib ki, insanların zəruri ərzaq ehtiyaclarının ödənilməsi bəşəriyyətin inkişafının ilkin mərhələsindən bu günədək əsas çağırışlardan biri olub və bu səbəbdən hər bir ölkədə kənd təsərrüfatının inkişafı prioritet vəzifə olaraq qalır. O, iştirakçıları Azərbaycanda aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində görülən işlər barədə məlumatlandırıb.
“Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin rəhbəri Fərid Abbasov bildirib ki, aqrar islahatlarda strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması təşkil edir. O, layihənin icrasında Aqrar İnkişaf Könüllülərinə və fermerlərə uğurlar diləyib.
Qeyd edək ki, “Öyrənən fermer” layihəsinin ikinci mərhələsində könüllülər vasitəsilə maarifləndirici bukletlər paylanacaq, fermerlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sorğular keçiriləcək.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb