×
A
A
A
Sazlamalar

Biləsuvarda 18 min hektardan çox sahədə yay şumu aparılıb

Biləsuvar, 3 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Ötən il zəmilərdən bol məhsul götürən taxılçılar növbəti təsərrüfat ilində də yüksək nəticələr əldə etmək üçün payızlıq taxıl səpininə hazırlıq işlərinə başlayıblar.
Rayon Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Biləsuvarda 30 min hektar sahədə payızlıq taxıl əkini aparılması planlaşdırılıb. Hazırlıq işlərinə vaxtında başlayan məhsul istehsalçıları hazırda taxıl əkiləcək sahələrdə məhsuldarlığın yüksəldilməsində əsas aqrotexniki tədbirlərdən olan yay şumu aparırlar. Qısa müddətdə 18 min 410 hektar sahədə şum qaldırılıb ki, bu da səpin aparılacaq sahələrin 61 faizini təşkil edir. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında və keyfiyyətlə başa çatdırmağa çalışır, yüksək reproduksiyalı toxum tədarük edir, səpində istifadə ediləcək maşın və mexanizmlərin təmirini aparırlar.
Rayonda, həmçinin şum altına verilmək üçün kifayət qədər gübrələr də tədarük olunub.
Qeyd edək ki, biləsuvarlı taxılçılar ötən il 30 min hektar zəmidən 94 min 221 ton məhsul götürüblər. Sahələrin hər hektarının məhsuldarlığı 31,5 sentner olub.

Kənd təsərrüfatı 2019-09-03 13:27:00