×
A
A
A
Sazlamalar

Timur Əsgərov “Anna Karenina” baletində qraf Vronskinin partiyasını ifa edəcək

Bakı, 28 avqust, AZƏRTAC

Noyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Rodion Şedrinin “Anna Karenina” baleti nümayiş olunacaq.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, axşam seansında səhnə əsərində qraf Vronskinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
Baletin Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında premyerası 2010-cu il aprelin 15-də keçirilib.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Teatr və kino 2019-08-29 02:25:00