Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri Yevlaxda quşçuluqla məşğul olan fermerlərə təlim keçiblər
Bakı, 28 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Yevlax rayonunda quşçuluq sahəsində fəaliyyət göstərən bir qrup fermerə “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlim Aqrar Xidmətlər Agentliyinin Yevlax Rayon Baytarlıq İdarəsinin rəisi Əhliman Nəsibov tərəfindən aparılıb. Bildirilib ki, rayon ərazisində cari ilin 7 ayı ərzində 627910 baş quşda (“H” vaksini ilə), 680000 baş cücədə (La-sota vaksini ilə) nyukasl xəstəliyinə qarşı pevəndləmə tədbiri aparılaraq, rayonda epizootik sabitliyi qorunub.
Təlimdə fermerlərə quşların nyukasl və çiçək xəstəlikləri, xəstəliklərin başvermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumatlar verilib, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və başqa vasitələrin dövlət vəsaiti hesabına alındığı, təsərrüfatlarda saxlanılan quşlara təmənnasız tətbiq olunduğu bildirilib. Sahibkarlara məxsus quşların xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini qeyd edən mütəxəssislər ilin əvvəlindən indiyədək idarə tərəfindən Yevlax rayonu ərazisində quşlarda nyukasl xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparıldığını diqqətə çatdırıblar.
Qeyd edək ki, “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim davam etdirilir.
Təlimdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də Aqrar Xidmətlər Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb.
Təlim iştirakçıları çiçək və nyukasl xəstəliklərinin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları barədə məlumatlandırılıb. Eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə ətraflı bəhs olunub.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb