×
A
A
A
Sazlamalar

Salyanda torpaqların konsolidasiyasına dair pilot layihənin icrasına yekun vurulub

Salyan, 28 avqust, Mahir Babayev, AZƏRTAC

Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində layihənin beynəlxalq və milli məsləhətçilər qrupunun, Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Şorsulu bələdiyyəsinin üzvləri, fermerlər və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tədbirdə çıxış edən FAO-nun Azərbaycanda tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak iştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumat verib.
Daha sonra Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək bildirib ki, layihə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində həyata keçirilir. Nazir müavini qeyd edib ki, torpaq sahələrinin konsolidasiyası, təkcə Azərbaycan üçün deyil, dünyanın, o cümlədən Avropa ölkələrinin çoxunda aktual məsələlərdən biri kimi qəbul edilir. İlhamə Qədimova vurğulayıb ki, layihənin məqsədi torpaqların konsolidasiyası üzrə milli strategiyanı həyata keçirməklə yanaşı, respublikada kənd yerlərinin və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə verməkdən ibarətdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov isə öz növbəsində rəhbəri olduğu rayonun pilot ərazi kimi seçilməsini müsbət qiymətləndirib. O əlavə edib ki, gələcəkdə də Salyan rayonunda həyata keçiriləcək layihələrin uğurla icrası üçün davamlı dəstək göstəriləcək.
Tədbirdə layihənin baş texniki eksperti Morten Hartvigsen, FAO-nun hüquqi məsələlər üzrə mütəxəssisi Margret Vidar əldə olunan nəticələrlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. Görüşdə milli hüquq məsləhətçisi Samir İsayev, beynəlxalq hüquqi məsələlər üzrə məsləhətçi Tomas Versinskas, milli layihə əlaqələndiricisi, qrup rəhbəri Amin İsmayılov tərəfindən Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramının, Milli Strategiyanın və qanunvericilik sənədlərinin təqdimatı keçirilib.
Sonda layihə ekspertləri torpaq mülkiyyətçilərini maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyiblər. Kənd Təsərrüfatı Nazirliyi və FAO-ya təşəkkürlərini bildirən fermerlər bu istiqamətdə növbəti layihələrin həyata keçirilməsini məqsədəuyğun sayıblar.
Tədbir iştirakçıları, həmçinin pilot layihə çərçivəsində Şorsulu kəndində fermerlərin istifadəsi üçün kanal üzərində inşa edilmiş piyada keçidinə də baxış keçiriblər.

Kənd təsərrüfatı 2019-08-28 14:45:00