×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Aqrar Universitetinə bu il rekord sayda tələbə qəbul olub

Bakı, 26 avqust, AZƏRTAC

Bu il Azərbaycan Dövlət Aqrar Universitetinin qəbul planı ilk mərhələdə 92,12 faiz dolub. 2019/2020 tədris ilində ADAU üçün ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub. Bu, ADAU tarixində ən yüksək qəbul göstəricisidir. ADAU-da tələbə qəbulu üzrə son ən yüksək göstərici 2018/2019-cu tədris ilində qeydə alınmış, ötən il bu ali təhsil müəssisəsinə 1292 tələbə qəbul olmuşdu.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni tədris ilində əyani və qiyabi şöbələr üzrə 54 ixtisas üzrə qəbul aparılıb. Qəbul imtahanlarının ilk mərhələsində 40 ixtisas üzrə qəbul planı tam dolub. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün ötən ildən başlayaraq bir sıra tədbirlər görülür. Ali məktəblərə qəbul imtahanlarında 400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. Eyni zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı 2019-08-26 15:18:00