×
A
A
A
Sazlamalar

Qaxın təsərrüfatlarında 7485 hektarda yay şumu çıxarılıb

Qax, 22 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Payızlıq dənlilərin səpini üçün indiyədək Qax rayonunun təsərrüfatlarında 7 min 485 hektar sahədə yay şumu çıxarılıb. Cari mövsümdə rayonda payızlıq taxıl əkini sahələrinin 13 min hektardan çox olacağı proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, payızlıqların səpini üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 2200 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib.
Eyvaz Aslanovun sözlərinə görə, taxıl biçini başa çatdıqdan sonra təsərrüfatlarda 776 hektar sahədə təkrar qarğıdalı əkini də aparılıb. Bundan əlavə, təsərrüfatlarda yaz aylarında əkilmiş 1720 hektar dən qarğıdalı sahəsinə aqrotexniki qulluq işləri də davam etdirilir. Qarğıdalı yığımına sentyabrın ikinci yarısında başlanılacaq.

Kənd təsərrüfatı 2019-08-22 18:17:00