×
A
A
A
Sazlamalar

Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir

Yerli bazarda fındığın bir kiloqramı 3,2-3,5 manata təklif olunur

Zaqatala, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biridir. Bir neçə gündür ki, fındıq bağlarında builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Cari ildə bağlardan 15 min tondan çox fındıq tədarük olunması gözlənilir.
Rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatalada yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, 2018-ci ildə rayon ərazisində 1353,5 hektar, bu ilin yaz aylarında isə 255 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 760 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir.
Ötən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton, 2016-cı illə müqayisədə isə 6 min 159 ton artıb.
Hazırda Zaqatala bazarında fındığın bir kiloqramının qiyməti 3,2-3,5 manat arasında dəyişir.

Kənd təsərrüfatı 2019-08-16 17:35:00