×
A
A
A
Sazlamalar

Aqroekoturizm kənd təsərrüfatı ilə turizmin sərhədlərini kəndlinin xeyrinə dəyişəcək

Bakı, 22 iyul, AZƏRTAC

İyun ayından etibarən Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Turizm Agentliyi, Dövlət Aqrar Ticarət Şirkətinin dəstəyi ilə “Şəhərdən kəndə” adlı aqroekoturizm layihəsi fəaliyyətə başlayıb. Layihə şəhərlə kəndin yaxınlaşmasını hədəf seçərək, regionlarda istehsalçıların iqtisadi müdafiəsini, yeni xidmət sahələrinin yaradılmasını, kəndlilər üçün elə kəndin özündə satış imkanlarının yaradılmasını ehtiva edir.
Bir neçə gün əvvəl Şəkidə layihənin ilk addımı atıldı, media nümayəndələrinin iştirakı ilə ekotur reallaşdı, fermer Etibar Nuriyevin təsərrüfatı ilə yaxından tanış olduq, layihənin nəzəri-təcrübi məsələlərini müzakirə etdik. Ümid etmək olar ki, aqroekoturizm kənd təsərrüfatı ilə turizmin sərhədlərini kəndlinin xeyrinə dəyişəcək.
Bizim üçün yeni olan “aqroekoturizm”, “yaşıl turizm”, “kənd turizmi” anlayışlarını necə başa düşmək olar? Bu barədə AZƏRTAC-a açıqlama verən aqrar ekspert Nicat Nəsirli deyib: “Bu istiqamətlər iqtisadi fəaliyyət sahəsi olub, sıx məskunlaşma şəraitində yaşayan şəhər əhalisinin ucqar regionlarla aktiv münasibətlərinin qurulmasını ehtiva edir. Coğrafi sərhədləri aradan qaldırır, regionların iqtisadi potensialını insanlara tanıdır, yaxınlaşdırır, sevdirir. Elə bir insan yoxdur ki, onun təbiətə, kənd həyatına marağı olmasın. Aqroturizm marşrutları bu marağı stimullaşdırır, əlaqələndirir və xidmət sahəsinə çevirə bilir. Coğrafi sərhədlərdən asılı olmayaraq, şəhərlə kənd əhalisi arasında insanların vahid birgəyaşayış standartlarını formalaşdırır, kəndin zəngin resurslarını çoxsaylı xidmətlərə ehtiyacı olan şəhər əhalisi üçün əlçatan edir”.
Ekspert bildirib ki, xarici ölkə təcrübələrinə əsasən, əhalinin nisbətən seyrək məskunlaşdığı, lakin coğrafi resursları zəngin olan bölgələr aqroturizmin obyekti olaraq seçilir. Turistin bölgə ilə tanışlığı yaşadığı kənd evindən başlayır, burada ona təklif olunan xidmətlər təbii və çoxşaxəlidir. Bağdan meyvə-tərəvəz toplayıb, fermadan təzə yumurta və süd gətirmək, Günəş doğana qədər ot biçininə getmək, heyvanları bəsləmək və digər bu kimi işlər şəhər mühitində yaşayan insanlar üçün yenilikdir.
Müasir turizm trendlərinin təhlili göstərir ki, getdikcə turistlərin maraq dünyası “S” (Sun-Sea-Sand – günəş, dəniz, qum) üçlüyündən “L” üçlüyünə sarı (Landscape-Lore-Leisure – mənzərə, ənənə, istirahət) dəyişməkdədir. Aqroturizm insanlara kəndin qədimliyini, təbiət mənzərələrini, ənənəvi kəndli həyatının cizgilərini və ekoloji təmiz məhsulları nümayiş etdirir. Bu xüsusiyyətlərinə görə aqroekoturizm sürətlə inkişaf edir, turizm sektorunda əsas istiqamətə çevrilir. Hazırda bu potensialı ən düzgün idarə edən və bu sahəni gəlirli sahəyə çevirən ölkələr İtaliya, İrlandiya, Fransa, İsveçrədir.
“Avropada hesab edirlər ki, aqroekoturizmə artan tələb getdikcə ümumi turizmin fəlsəfəsini dəyişməkdədir. Kəndlərdə minlərlə adi zəhmətkeş insan istehsal etdiyi məhsul və xidmətləri turistlərin maraqları çərçivəsində quraraq aqrobiznes fəaliyyətinə keçib. Məsələn, İsveçrədə son illər turizmdən gələn gəlirlər 2/3 dəfə artıb və bu artım kənd turizminin hesabına baş verib. Avropa ölkələrinin standartlarına görə, kəndlinin bir nəfər qonaq saxlamaqdan gələn gəlirləri bir baş heyvanın gəlirlərini dəfələrlə üstələyir. Fransada turistlər regionlara səfərləri zamanı birbaşa kənd yerlərində gecələməyə üstünlük verirlər. Ölkə ərazisində böyük təşkilatlar olan - “Gites de France” və “Agriculture et Tourisme” kənd turizmini təbliğ və araşdırmaqdadır”, - deyə o vurğulayıb.
Postsovet məkanına gəldikdə, bu barədə də danışan N.Nəsirli bildirib ki, ən uğurlu təcrübələr Belorusa aiddir. Bu ölkədə hesab olunur ki, real sektorda ən sürətli gəlirləri ekoturizm qazandıra bilər, daxili bazarda ekoturizm məhsulları populyardır və həmişə belə olacaq. Aparılmış sorğuya əsasən, ölkə əhalisinin 82 faizi ekoturizmdən hər il istifadə edir. Belorusda kənd turizminin inkişafı üçün potensial tələbat və resurslar mövcuddur. Kənd turizminə də kəskin iqtisadi ehtiyac var.
Turizmin bütün sahələrində böyük bir yol keçmiş qardaş Türkiyədə də aqroturizmə böyük ümidlə yanaşılır. Həmsöhbətimizin sözlərinə görə, bu ölkədə 2000-ci ildən sonra aqroturizm ucqarlardakı kənd və qəsəbələrin iqtisadi baxımdan inkişafını təmin etməkdədir. Ölkədə qurulmuş aqroekoturizm xidmət zəncirinə ovçuluq, balıqçılıq, cıdır yarışları, təsərrüfat və emal müəssislərinə səfərlər, dequstasiyalar, aşpazlıq kursları, məhsul bayramlarının keçirilməsi, milli folklor konsert və festivalları, ferma günləri, satış yarmarkalarının keçirilməsi və s. daxildir.
Nicat Nəsirli deyir ki, qardaş ölkədə aqroturizm iştirakçıları tarlalarda açıq sahə nümayişlərinə qatılır, istehsal olunan ekoloji məhsulların satış bazarlarında iştirak edərək ev üçün alış-veriş edir, xalq sənətkarlığı mərkəzlərində toxuma, əl işləri ilə yaxından tanış olur, milli aşpaz festivallarında kənd təamlarının dadına baxırlar. Türkiyədə aqroturizm digər sahələrlə müqayisədə gəlir səviyyəsi aşağı olan kənd yerlərində əhali üçün əlavə gəlir yeri təmin edən, bölgənin sosial-mədəni inkişafını irəli aparan iqtisadi fəaliyyət sahəsidir. Türkiyədə hesab edirlər ki, aqroturizmin makroiqtisadi təsirləri aşağıdakılardır:
1. Aqroturizmin genişlənməsi ilə aqrar məhsullara tələb durmadan artır ki, bu yerli istehsalı stimullaşdırır;
2. Turistik mal və xidmətlər sektoru, eyni zamanda, digər sahələr genişlənir;
3. Bölgələrdə məşğulluq, adambaşına düşən gəlir səviyyəsi yüksəlir, şəhərlərə köç azalır, yerli vergi və digər ictimai yığımların dərəcəsi artır;
4. Ailələr maya dəyəri ucuz başa gələn xidmətlərdən istifadə etməklə bir yerdə daha çox vaxt keçirirlər ki, bu da ailədaxili ünsiyyəti gücləndirir;
5. Şəhərlə kəndlərdə yaşayan insanların birgə davranışlarında ümumi oxşarlıqlar əmələ gəlir.
Ona görə də bu ölkədə turizmin inkişafı ilə bağlı hazırlanan bütün rəsmi və qeyri-rəsmi sənədlərdə aqroekoturizm məsələləri xüsusi olaraq qabardılır.
Dünya Ticarət Təşkilatının hesablamalarına görə, yaşıl turizm iştirakçılarının sayı dünya turizminin 20 faizini təşkil edir. Yaşıl turizm iştirakçılarının maraq dünyasında prioritetliyi kənd mənzərələri, təbiətin zəngin ehtiyatları, köhnəlmiş ənənələr, qonaqpərvərlik qaydaları, memarlıq və mədəniyyət abidələri, xalq əyləncə mərasimləri təşkil edir.
Ekspertin fikrincə, aqroekoturizm fərdi sahibkar kimi rəsmi qeydiyyatdan keçmədən qurulan bir fəaliyyət sahəsidir. Lakin vacib infrastruktur imkanlarının olmasını da şərtləndirir. Bu baxımdan sahibkar regionun və kəndin iqtisadi potensialını yaxından bilməli; miqyasından asılı olmayaraq fərdi təsərrüfatı olmalı; turistləri yerləşdirmək üçün yaşayış evi, sanitar-texniki imkanlara malik olmalı, evin qapı-pəncərələri gözəl təbiət mənzərələrinə açılmalı; turistlərə kənddəki və bölgədəki meşə, qoruq, memarlıq abidələri, milli-mədəni ənənələrlə yaxından tanış olmaq imkanları yaradılmalıdır.

Kənd təsərrüfatı 2019-07-22 13:44:00