×
A
A
A
Sazlamalar

Tibb işçilərinin peşə bayramı qeyd olunub

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu gün tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Ziyarətdən sonra Səhiyyə Nazirliyində tibb işçilərinin peşə bayramına həsr edilmiş kollegiya iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sahəsindəki islahatlardan söz açıb, dövlətin səhiyyə sahəsinə olan diqqəti nəticəsində baş vermiş müsbət dəyişiklikləri qeyd edib. Tibb işçilərini peşə bayramı münasibətilə təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin artırılması və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi: “Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğının təzahürü kimi tibb işçiləri peşə bayramının qeyd edilməsini də göstərmək olar”.
Daha sonra nazir Prezident İlham Əliyevin tibb işçilərinin peşə bayramı münasibətilə imzaladığı Sərəncama əsasən səhiyyə işçilərinin “Tərəqqi” medalı, “Əməkdar həkim” və “Əməkdar müəllim” fəxri adlarına, “Tərəqqi” medalına layiq görülən sağlamlıq keşikçilərini, eləcə də “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanla təltif olunanları təbrik edib.

Səhiyyə 2019-06-18 13:47:00