×
A
A
A
Sazlamalar

Saatlıda indiyədək 76 tondan çox yun istehsal olunub

Saatlı, 17 iyun, Mahir Babayev, AZƏRTAC

Saatlıda qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. Onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və yaxşı mənfəət götürürlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun təsərrüfatlarında 115 min 206 baş qoyun-keçi bəslənilir, bu da ötənilki göstəricidən xeyli çoxdur. Qoyunun əti və südü kimi yunu da yüksək qiymətə satılır və qoyunçular hər il yun istehsalından yaxşı mənfəət əldə edirlər.
Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərüfatlarında yun qırxımı aparılır. İndiyədək fermerlər bəslədikləri qoyundan ümumilikdə 76,2 ton yun qırxıblar. Hər qoyundan orta hesabla 1,3 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,2 kiloqram olub.
Uzun illər qoyunçuluqla məşğul olan Əliəhmədli kəndli fermer təsərrüfatının rəhbəri Xankişi Əhmədov rayon üzrə yun istehsalında ən yüksək nəticə qazanıb. Təsərrüfat rəhbəri bəslədiyi 2 min başadək qoyunun hər birindən 1,7 kiloqram yun əldə edir. Ötən il isə fermer hər qoyundan 1,6 kiloqram yun götürüb.
Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı davam edir.

 

Kənd təsərrüfatı 2019-06-17 12:19:00