×
A
A
A
Sazlamalar

Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub

Bakı, 14 iyun, Xaruqə Məmmədova, AZƏRTAC 

İyunun 14-də Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl teatrın bədii rəhbəri Azər Paşa Nemətov Bəsti Cəfərovaya yaradıcılıq uğurları arzulayıb.
Sonra mədəniyyət naziri Əbülfəs Qarayevin Xalq artistinə ünvanladığı təbrik məktubu oxunub.
Azərbaycan Teatr Xadimləri İttifaqı adından Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının kollektivi adından Xalq artisti Ramiz Novruzov Bəsti Cəfərovanı təbrik ediblər.
Bəsti Cəfərova yubiley tədbirinin təşkilatçılarına və doğma kollektivinə minnətdarlığını bildirib.
Təbriklərdən sonra Xalq artistinin iştirakı ilə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanan “Qətibə İnanc” tamaşası nümayiş olunub. Tamaşanın yeni səhnə versiyası Çingiz Ələsgərli, quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu və musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.
Tamaşada rolları Xalq artisti Bəsti Cəfərova, Əməkdar artistlər Sabir Məmmədov, Kazım Abdullayev, Mirzə Ağabəyli, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rövşən Kərimduxt, Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, aktyor Elnur Qədirov və Cümşüd Zeynalov ifa ediblər.
Xatırladaq ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.

Teatr və kino 2019-06-14 21:50:00