×
A
A
A
Sazlamalar

Bakıda innovasiya və startap ekosistemi üzrə layihələr müzakirə edilir

 Bakı, 29 may, Pərvanə Rəhimova, AZƏRTAC
“İnnovasiya Festivalı” çərçivəsində mayın 29-da Bakıda “Şərq tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü üzrə IV “İKT innovasiya və startap ekosistemi” (“ICT innovation and startup ecosystems”) istiqamətinə dair seminar keçirilir.
AZƏRTAC xəbər verir ki, seminarda Avropa Komissiyasının, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarusun nümayəndələri və xarici ekspertlər iştirak edirlər. Seminar çərçivəsində iştirakçı ölkələrdə innovasiya və startap ekosistemlərinin formalaşdırılması istiqamətində görülmüş işlər müzakirə olunur, ekspertlər tərəfindən Avropada həyata keçirilmiş ən yaxşı təcrübələr barədə məlumat verilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. O, ölkəmizdə yaradılmış İnnovasiyalar Agentliyinin sözügedən sahənin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar açacağını bildirib.
Moldova İKT şirkətləri Assosiasiyasının strateji layihələr üzrə direktoru Ana Çirita isə ölkəsində tətbiq olunan innovasiyalara dair təqdimatla çıxış edib. Təqdimatda “Digital Moldova 2020” layihəsi və IT-nin inkişafına dair 2019-2023-cü illər üçün strategiya barədə məlumat verilib. Eyni zamanda, Moldovada fəaliyyət göstərən IT Parklardan danışılıb. IT Parklarda 419 rezidentin olduğu, bunlardan 109-nun 28 ölkəni təmsil etdiyi qeyd edilib. Həmçinin startap ekosisteminin yeni inkişaf tendensiyalarından bəhs olunub.
Ukraynanın İnnovasiya və Texnologiya Transferi üzrə Direktoratının baş direktoru Darya Çayka isə təqdimatında ölkədə tətbiq olunan innovasiya strategiyasının əsas istiqamətlərini diqqətə çatdırıb. O, təqdimatında əsasən təhsil sahəsində innovasiyaların tətbiqini şərh edib.
Seminarda 2019-2021-ci illər üçün “Şərq tərəfdaşlığı” ölkələrinin “İKT innovasiya və startap ekosistemi” istiqamətində birgə həyata keçirəcəyi layihələr müzakirə edilib.
Qeyd edək ki, 2014-cü ildən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının “İqtisadi inteqrasiya və Avropa İttifaqı siyasətinə uyğunlaşma” platforması çərçivəsində “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsü həyata keçirilir. Təşəbbüsün məqsədi vahid rəqəmli bazarın üstünlüklərini “Şərq tərəfdaşlığı” ölkələrinə genişləndirməklə bu ölkələrdə rəqəmli iqtisadiyyatın və cəmiyyətin inkişafına dəstək verilməsidir. Ölkəmizi bu təşəbbüsdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir.
Seminar işini mayın 30-u da davam etdirəcək.

İKT 2019-05-29 13:11:00