Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli Dram Teatrı “Boy çiçəyi və ya sən həmişə mənimləsən” tamaşasını təqdim edib

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi və ya sən həmişə mənimləsən” pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa görkəmli yazıçının anadan olmasının 105 illiyi münasibətilə təqdim edilib.
Səhnə əsərinin quruluşçu rejissoru, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətovdur əvvəlcə çıxış edərək bildirib ki, 105 il bundan öncə Füzuli rayonunda doğulan pyesin müəllifi ədəbiyyata 1939-cu ildə nəşr olunmuş “Kənddən məktublar” kitabı ilə gəlib. Yazıçının 22 dram əsəri Bakıda və region teatrlarında tamaşaya qoyulub. Onun ömrünün sonlarında qələmə aldığı “Qarabağnamə” əsəri 23 ildir ki, Milli Dram Teatrın səhnəsindədir.
Xalq artisti qeyd edib ki, İlyas Əfəndiyev pyesi əvvəlcə “Boy çiçəyi” adlandırıb. Sonradan əsərə “Sən həmişə mənimləsən” adı da verilib. “Boy çiçəyi ilə bağlı İlyas Əfəndiyevin böyük fəlsəfəsi var. Boy çiçəyi elə bir güldür ki, quruyanda belə ətrini itirmir”, - deyə rejissor əlavə edib.
Azər Paşa Nemətov, həmçinin vurğulayıb ki, İ.Əfəndiyev dramaturgiyamızda lirik-psixoloji üslubun yaradıcılarından biridir. O, ədəbiyyatımıza yeni obrazlar, xüsusən qadın obrazlarını gətirib, “İlyas Əfəndiyev teatrı”nın əsasını qoyub.
Dramaturq 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazıb və bununla da onun Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığı başlayıb. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb.
“İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də yazıb, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyindən və yaradıcılıq intellektindən xəbər verir”, - deyə Azər Paşa Nemətov vurğulayıb.
Səhnə əsərində rolları Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Elnar Qarayev, Rada Nəsibova və Fəridə Əliyeva canlandırıblar.
Tamaşa ata qayğısından məhrum olan Nargilənin özündən yaşca çox böyük zavod direktoru Həsənzadəyə məhəbbətindən bəhs edir.
Səhnə dekorasiyaları ustalıqla hazırlanmış tamaşa çox uğurlu alınıb və maraqla qarşılanıb.

Teatr və kino 2019-05-26 23:05:00