×
A
A
A
Sazlamalar

Görkəmli kinooperator Xan Babayevin xatirəsi anılıb

Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də görkəmli kinooperator Xan Babayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Film Fondunda reallaşacaq tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə qonaqlar sənətkarın həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə baxıblar.
Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, operatorluq məktəbinin ən parlaq nümayəndələrindən biri olan Xan Babayev “Ögey ana”, “Böyük dayaq” və bir çox klassik Azərbaycan filmlərinə operator kimi quruluş verib. Onun operatoru olduğu filmlərin kino tariximizdə əhəmiyyətli yer tutduğunu deyən C.Quliyev, onun filmlərinin əbədiyaşar ekran əsərləri olduğunu qeyd edib.
Vurğulanıb ki, X.Babayev hələ Kinematoqrafiya İnstitutunun tələbəsikən 1947-ci ildə dostu, kinooperator T.Axundovla birgə iki sənədli film – məşhur pambıq ustası Sürəyya Kərimovadan, Ağdam bölgəsində pambıqçılığın inkişaf etdirilməsi üzrə görülən tədbirlərdən bəhs edən “Çağırışa cavab”, 1949-cu ildə Azərbaycanın Ağstafa rayonundakı “İskra” kolxozunun əldə etdiyi nailiyyətlərə həsr olunmuş “Yeni həyat qurucuları” kinolentlərini çəkib. Həmin il istehsala buraxılan “Bakının işıqları” tammetrajlı bədii filmində ikinci operator işləyib.
1953-cü ildə “Doğma xalqımıza” bədii-sənədli filmi istehsala buraxılarkən Xan Babayev və Teyyub Axundov filmə operator təyin olunurlar.
Onun çəkdiyi “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və s. filmlər bu gün də sevilə-sevilə baxılır. “Yenilməz batalyon” operator X. Babayevin son filmi olur. Kinokameradan ayrı düşmək onun üçün həyatdan, cəmiyyətdən ayrı düşmək demək idi.
Diqqətə çatdırılıb ki, X.Babayev Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olarkən kinomuzun gələcəyi ilə bağlı məsələlərin həllində həmişə prinsipial mövqe tutub.
Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Rafiq Quliyev çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir boyu sənətkarın ekranlaşdırdığı filmlərdən süjetlər təqdim olunub.

Teatr və kino 2019-05-24 16:39:00