×
A
A
A
Sazlamalar

Salyandakı Dövlət Sort-Sınaq Məntəqəsində 19 növ pambıq sortu becərilir

Salyan, 21 may, Mahir Babayev, AZƏRTAC

Salyanda yaradılan Dövlət Sort-Sınaq Məntəqəsində bu il 15 hektar sahədə 19 növ yüksək reproduksiyalı pambıq növü becərilir ki, bunun da 14 növü yerli, 5-i isə Türkiyədən gətirilmiş sortlardır.
Məntəqənin müdiri Balaeyvaz Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səpin aparılan 15 hektar sahənin bir hektarı sınaqda olan sortlar üçün ayrılıb: “Qalan 14 hektara isə Türkiyədən gətirilmiş sortlar əkilib. Hər il olduğu kimi, bu il də səpini vaxtında başa çatdırmışıq. Artıq becərmə işlərinə başlanılıb. Hazırda sahələrdə seyrəltmə və bitkinin alaq otlarından təmizlənməsi işləri aparılır. Həmçinin bitkiyə yemləmə gübrəsi verməklə suvarma işləri də aparırıq. Ötən il məntəqədəki pambıq sahələrinin hər hektarından 35 sentner xam pambıq götürmüşük. Bu il məhsuldarlığı daha da artırmaq üçün pambıqçılar bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirirlər”.
Yetişdirilmiş pambıq sortlarının hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və s. göstəricilər aydınlaşdırılır, sonra dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.

Kənd təsərrüfatı 2019-05-21 11:52:00