×
A
A
A
Sazlamalar

“Avropa İİV-ə testləşmə həftəsi” yaz kampaniyası çərçivəsində maarifləndirici tədbirlər davam edir

Bakı, 20 may, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycan Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Avropa İİV-ə testləşmə həftəsi yaz kampaniyası çərçivəsində (“Spring European Testing Week”: 17-24 may 2019) İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) testləşmə aksiyası keçirir.
Mərkəzin mütəxəssisi Ceyhun Nəcəfov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bu kampaniya “HIV in Europe”, Dünya Səhiyyə Təşkilatı (DST), Birləşmiş Millətlər Təşkilatının (BMT) İİV/QİÇS İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür: “Bu günlərdə DST-nin Avropa zonasındakı bütün ölkələrdə kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları keçirilir. DST-nin hesablamalarına görə, Avropa regionunda təqribən hər üç nəfərdən biri bu xəstəliyə yoluxanlardır, yəni İİV-lə yaşayan 2,5 milyona yaxın insan başa düşmür ki, onlar İİV daşıyıcılarıdır. Aksiyanın keçirilməsində məqsəd regionda daha çox insanın İİV-infeksiyasına yanaşmada öz statuslarını öyrənməsi və bu infeksiyanın gec qoyulmuş diaqnoz problemini azaltmaqdır. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV-infeksiyası epidemiyasına son qoymaqdır.
Testləşmə kampaniyasının keçirilməsi təşəbbüsü 2013-cü ildə yaranıb və Avropada geniş bəyənilmiş hadisəyə çevrilib. Hazırda bu kampaniyada hər il İİV-QİÇS-lə mübarizə üzrə 700-dən çox milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən İİV üzrə testləşmə kampaniyası ildə iki dəfə keçirilməyə başlayıb: may ayında - QİÇS-dən dünyasını dəyişən insanların ümumdünya xatirə günündə və noyabr ayında - QİÇS-lə Beynəlxalq Mübarizə Günündə. Azərbaycan bu təşəbbüsün elan edildiyi 2013-cü ildən panavropa kampaniyasında iştirak edir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Ceyhun Nəcəfov qeyd edib ki, mayın 24-dək davam edəcək kampaniya çərçivəsində Bakı, Sumqayıt və ölkənin digər şəhərlərindəki ali məktəblərdə, avtovağzallarda, ticarət mərkəzlərində insanın immunçatışmazlığı virusuna (İİV) ödənişsiz və könüllü şəkildə testləşmə aksiyası başlanıb. C.Nəcəfov deyib: “Yaz testləşmə həftəsi çərçivəsində Bakı Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində, paytaxtın iri ticarət-əyləncə mərkəzlərində, Bakı Beynəlxalq Avtovağzalında və digər obyektlərdə İİV-ə könüllü və pulsuz testləşmə üçün məntəqələr yaradılıb. Testləşmə və məsləhətləşmə aksiyaları Bakının, Gəncənin, Tovuzun və digər rayonların müxtəlif obyektlərində davam etdiriləcək”.
Onun sözlərinə görə, aksiyanın gedişində mərkəzin mütəxəssisləri aksiya iştirakçılarını İİV-infeksiyasının aşkar edilməsi və ondan qorunma üsulları barədə ətraflı məlumatlandırır, sağlam və təhlükəsiz həyat tərzinin əhəmiyyətini qeyd edirlər. “Bu kampaniyanın maarifləndirici aspekti böyük əhəmiyyət kəsb edir. Tədbirlərdə yüzlərlə vətəndaş İİV-infeksiyasının təyin olunmasına könüllü müayinədən keçib. Bunlarla yanaşı, “Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində İİV barədə materiallar, broşürlər, bukletlər, plakatlar paylanır. Vətəndaşların pulsuz və anonim şəraitdə İİV-infeksiyasının təyini məqsədilə ekspres-testlərdən keçməsi üçün bütün şərait yaradılıb. Müayinə edilən şəxsin virus daşıyıcısı olub-olmaması barədə analizlərin nəticələri 15 dəqiqə ərzində təqdim edilir. Bakı Beynəlxalq Avtovağzalında həyata keçirilən aksiya ilə bilavasitə əhatə olunan miqrantlar kateqoriyasına xüsusi diqqət ayrılır”, - deyə Ceyhun Nəcəfov sonda bildirib.

Səhiyyə 2019-05-20 19:02:00