×
A
A
A
Sazlamalar

“Baladadaşın toy hamamı” nümayiş ediləcək

Bakı, 16 may, AZƏRTAC

Mayın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Xalq yazıçısı Elçin Əfəndiyevin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcəklər.

Teatr və kino 2019-05-16 16:39:00