×
A
A
A
Sazlamalar

İyunda yeniyetmə və gənclər arasında III Robot Olimpiadası keçiriləcək

Bakı, 14 may, Pərvanə Rəhimova, AZƏRTAC

İyunun 4-də Gənclər və İdman, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkədə ilk dəfə keçiriləcək “İnnovasiya Festivalı”na həsr olunmuş mətbuat konfransda Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov deyib.
Onun sözlərinə görə, yeniyetmə və gəncləri əhatə edən, dünyanın ən böyük robotexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu olimpiadada 12 ölkə iştirak etmişdisə hazırda bu say 70-i keçib: “Azərbaycan 2017-ci ildə Dünya Robot Olimpiadası Assosiasiyasına həqiqi üzv seçildikdən sonra ölkəmizdə seçim yarışları keçirilir. 2017-ci ildə keçirilən ilk seçim yarışında 10 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdisə, ötən il oktyabrın 7-də Bakı İdman Sarayında təşkil olunmuş yarışda 22 təhsil müəssisəsindən 54 komanda iştirak edib. Hər iki yarışın nəticələrinə əsasən, 4 kateqoriya üzrə bütün qaliblər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2017-ci və 2018-ci ildə müvafiq olaraq Kosta-Rika və Taylandda keçirilən Dünya Robot Olimpiadasının final mərhələsində iştirak ediblər”, - deyə K.Kərimov bildirib.

 

İKT 2019-05-14 12:30:00