×
A
A
A
Sazlamalar

Bu gündən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar vəsaitlərini alacaqlar

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-dən etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.
AZƏRTAC xəbər verir ki, “Azərpoçt” MMC Bakı ərazisində yerləşən şöbələri və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.
Paytaxt Bakı istisna olmaqla, respublikada Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad və Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır. Yalnız bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri “Azərpoçt” MMC-yə müraciət etməlidirlər. Bank olmayan kredit təşkilatları, bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla “Azərpoçt” MMC-dən ala biləcəklər. 45 minədək vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə “Azərpoçt”un kartları vasitəsilə əldə edəcəklər. Vətəndaş “Azərpoçt”un saytı vasitəsilə məlumatları qeyd edərkən onun kredit məbləği, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda, onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.
Eyni zamanda, PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki “Azərpoçt”un bankomatlarında və post terminallarla təchiz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda, “Millikart” MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan, yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. “Millikart” MMC-nin şəbəkəsində daxil olan ATM-lər “ASB” (Azərbaycan Sənaye Bankı), “AccessBank”, “Bank Melli Iran”, “Bank of Baku”, “ExpressBank”, “Gunay Bank”, “NaxçıvanBank”, “Unibank” bankları daxildir.
Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması “Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində “Azərpoçt” MMC sadəcə icraçı tərəf kimi çıxış edir. “Azərpoçt” tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.

 

İKT 2019-05-01 11:52:00