Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muxtar respublikada kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi diqqətdə saxlanılır

Şərur, 26 aprel, AZƏRTAC
Şərur rayonunun muxtar respublikada meyvə və bostan bitkilərinin əkilib-becərilməsində, əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm yeri var.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatında əkilib-becərilən bitkilərin xəstəlik, zərərverici və alaq otlarına qarşı kompleks mübarizə tədbirlərinin aparılmasına dövlət dəstəyi” mövzusunda tarla-seminar müşavirəsində danışılıb.
Müşavirədə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin məsul işçisi Kamal İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan və əhalisinin 70 faizi kəndlərdə yaşayan Şərur rayonunda ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər tədbirlər nəticəsində inkişaf təmin olunub, daxili bazarlarda məhsul bolluğu yaranıb. Hər il rayonda əkinçilikdə böyük uğurlar qazanılır. Bunun üçün aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi diqqətdə saxlanılır.
Nazirliyin əməkdaşları Əsgər Həsənov və Yaşar Quliyev əkilib-becərilən bitkilərdə xəstəliklərə qarşı, zərərverici və alaq otları ilə kompleks mübarizə tədbirlərinin aparılmasına dair tövsiyələr veriblər. Karantin mənşəli orqanizmlərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidmətinin Bitki Mühafizə Mərkəzindən gətirilmiş pestisidlərin norma və nisbətləri nəzərə alınaraq dərman preparatları verilib. İştirakçılar həmin preparatlardan istifadə qaydaları barədə məlumatlandırılıblar.
Müşavirənin sonunda mütəxəssislər tərəfindən suallar cavablandırılıb.

Regionlar 2019-04-26 16:10:00