Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şirvanda heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Bakı, 18 mart, AZƏRTAC

Yanvar ayının ilk günlərindən başlayaraq Şirvan şəhərində heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhəri ərazisində 2660 baş iribuynuzlu, 14200 baş xırdabuynuzlu, 50 baş təkdırnaqlı, 500 baş həyət iti və 260000 baş ev quşu mövcuddur.
Bu günlərdə Şirvan Şəhər Baytarlıq İdarəsi tərəfindən Şirvan şəhər sakini Bədirov Bədirxana məxsus fərdi təsərrüfatda, bağlı şəraitdə saxlanılan 42 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbirlər icra edilib. Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi şəhər ərazisinə daxil olan ayrı-ayrı təsərrüfatlarda 2230 baş iribuynuzlu, 35 baş təkdırnaqlı heyvanda qarayara, 221 baş həyət itində quduzluq, 35963 baş cücədə (“La-sota” ştammı ilə) və 14972 baş ev quşunda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Fevral ayından isə Şirvan şəhəri ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2286 baş iribuynuzlu heyvanda bu tədbir aparılaraq, 850 kvadratmetr sahədə profilaktik dezinfeksiya və 740 kvadratmetr sahədə profilaktik dezinseksiya işləri icra edilib. Hazırda şəhər ərazisində saxlanılan xırdabuynuzlu heyvanlarda “Rev-1” vaksini ilə brusellyoz, А, О vaksinləri ilə dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. Ümumiyyətlə, təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq, həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin heyvan sahibləri risklər və yeni yanaşmalar barədə məlumatlandırılırlar.
Şəhər ərazisində saxlanılan heyvanlar arasında aparılan profilaktik peyvəndləmə və əhali arasında maariflənmə işlərinə şəhərdə fəaliyyət göstərən aqrar inkişaf könüllüləri də dəstək verirlər. Aqrar inkişaf könüllülərinin əsas məqsədi aqrar sahənin inkişafına dəstək vermək, aqrar sahədəki problemləri müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltmək və bu sahədə gələcək üçün karyera qurmaqdır. Hazırda Şirvanda Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birlikdə yaradılmış 10 nəfərdən ibarət aqrar inkişaf könüllüləri bu fəaliyyətlə məşğuldur.
Şirvan şəhəri ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, nodulyar dermatit, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Kənd təsərrüfatı 2019-03-18 13:39:00