×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universitetində 84 yaşlı kişinin gözündə uğurlu əməliyyat həyata keçirilib

Bakı, 18 mart, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına sol gözündəki problemlərlə bağlı müraciət edən 84 yaşlı kişi əməliyyat edilib. Cərrahi müdaxilə 1 saat 40 dəqiqə davam edib və uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xəstənin sol gözündə qapaq altında şişkin törəmənin əmələ gəlməsindən və alt göz qapağının içəriyə doğru çevrilməsindən şikayət etdiyini bildirib: “Maqnit-rezonans tomoqrafiya, ultrasəs və biomikroskopiya müayinələrindən sonra xəstənin cərrahi əməliyyat edilməsi qərarı verildi. Əməliyyat zamanı xəstəyə radikal rezeksiya tətbiq edərək qığırdağı törəmə ilə birlikdə kəsib götürdük. Qapaq plastika olunub və qüsursuz nəticə əldə edilib. Əməliyyat radikal, mikroskopik üsulla icra edildiyinə görə həmin nahiyədə xəstəni narahat edəcək problemin yenidən yaranması mümkün deyil”.
Q.İsmayılov xəstənin həmin gün evə buraxıldığını və hazırda özünü yaxşı hiss etdiyini də qeyd edib.

Səhiyyə 2019-03-18 11:40:00