×
A
A
A
Sazlamalar

Akademik Musiqili Teatr yeni komediyanın məşqlərinə başlayıb

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi böyük bəstəkar, Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan “Beş manatlıq gəlin” komediyasının məşqlərinə başlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın süjet xəttindəki hadisələr məişət mövzusunda olsa da, geniş və dərin məna çalarları ilə, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradır. Burada saf sevgiyə maneə olan köhnəfikirli və dardüşüncəli mənfi obrazların gülüş hədəfinə çevrilməsi isə tamaşada maraqlı situasiyalar yaradır.
Xor və balet artistlərinin də iştirak edəcəyi duzlu-məzəli tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.
Səhnə əsərində rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov və başqaları canlandıracaqlar.

Teatr və kino 2019-03-13 18:43:00