×
A
A
A
Sazlamalar

Bu il ilk dəfə Beyləqanda innovativ texnologiya ilə pambıq becəriləcək

Hər hektardan orta hesabla 50 sentnerdən çox pambıq istehsalı gözlənilir

Beyləqan, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu il ilk dəfə olaraq Beyləqan rayonunun Mil Təcrübə Stansiyasında pambığın innovativ texnologiya ilə becərilməsi həyata keçiriləcək. Pambıq ənənəvi becərmədən fərqli olaraq, tirəyə əkin üsulu ilə becəriləcək, damlama suvarma sistemi ilə suvarılacaq. Pambığın becərilməsində innovativ aqrotexniki tədbirlər həyata keçiriləcək. Məqsəd yeni texnologiyanı tətbiq etməklə pambığın məhsuldarlığını yüksəltməkdir. Yeni texnologiyanın tətbiq edildiyi nümunəvi tarlanın hər hektarından orta hesabla 50 sentnerdən yuxarı pambıq istehsal ediləcəyi gözlənilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambığın becərilməsində yeni texnologiyanın tətbiq ediləcəyi Beyləqan rayonunun Mil Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin, Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin, pambıqçılıq şirkətlərinin nümayəndələrinin, Türkiyədən gəlmiş mütəxəssislərin və pambıqçılıqla məşğul olan fermerlərin iştirakı ilə tarla günü keçirilib. Pambıq əkiləcək 7 hektar sahə yeni texnika və aqreqatların köməyi ilə səpinə hazır vəziyyətə gətirilib.
Məlumat verilib ki, ərazidə Türkiyədən gətirilmiş, həmçinin yerli pambıq sortları müasir texnologiyanın tətbiqi ilə becərilərək sınaqdan keçiriləcək. Bölgə üçün müəyyənləşən məhsuldar pambıq sortları seçilərək toxumları emal ediləcək, qablaşdırılıb əkin üçün fermerlərə veriləcək.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

Kənd təsərrüfatı 2019-02-22 17:25:00