×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı VİDEO

Fermerlərin qeydiyyat prosesinə kömək göstərmək üçün rayonda dörd xüsusi məntəqə yaradılıb

Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq Quba rayonunda fəaliyyət göstərən fermerlər aqrar fəaliyyətlərinə dair məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməyə başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, EKTİS-in tətbiqi ilə bağlı pilot rayon seçilən Qubada fermerlərə kömək məqsədilə dörd məntəqə yaradılıb.
Fermerlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzində, “ASAN xidmət”də, Fermer evində və Hacıhüseynli kəndində qurulmuş məntəqələrə yaxınlaşaraq, EKTİS-də qeydiyyatdan keçə bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və “ASAN xidmət”in əməkdaşlığı çərçivəsində Səyyar “ASAN xidmət” avtobusu Hacıhüseynli kəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarına xidmət göstərməyə başlayıb. Qubanın Hacıhüseynli, Hacıqayıb, Əliməmmədova, Davidova, Ərməkiqışlaq, Qımılqışlaq, Novonikolayevka, Küpçalqışlaq, Mirzəqasım kəndlərində yaşayan fermerlər Səyyar “ASAN xidmət” avtobusuna yaxınlaşaraq EKTİS sistemində özlərinə şəxsi kabinetlər yaradır, aqrar fəaliyyətlərinə dair informasiyalarını qeyd edirlər. Kənd Təsərrüfatı Nazirliyinin yerli və tabeli qurumlarının əməkdaşları, Aqrar İnkişaf könüllüləri sistemdən istifadə qaydaları, EKTİS-in funksiyaları və üstünlükləri ilə bağlı fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Bu prosesə cəlb olunan əməkdaşlara bazar ertəsindən başlayaraq xüsusi təlimlər keçirilib, xidmət reqlamenti izah olunub. Eyni zamanda, Qubada fəaliyyət göstərən “ASAN xidmət” mərkəzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı xüsusi xidmət pəncərələri yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Quba Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən mətbuat konfransında bildirib ki, yeni istifadəyə verilən sistem fermerlər üçün bir çox üstünlüklər yaradacaq: “Fermerlər www.eagro.az saytında FİN kod və telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçir, özünə şəxsi kabinet yaradır, çıxarış sənədi əsasında elektron xəritədə özünə məxsus torpaq sahəsinin koordinatlarını və sahəsini qeyd edir, bu il həmin sahədə hansı məhsul əkdiyi barədə məlumat verir. Formalaşan məlumatlar bazası mövcud meyilləri araşdırmağa, təhlillər aparmağa və fermerlərə tövsiyə verməyə kömək edəcək. Fermerlər, eyni zamanda, bu sistem vasitəsilə heç bir yerə getmədən, mobil telefon, planşet və ya kompüter vasitəsilə istədiyi xidməti sifariş verə, şikayətlərini qeyd edə bilərlər. Sistem xidmət sifarişi və şikayətlərə operativ, çevik reaksiya vermək imkanı yaradır”.
Fermerləri EKTİS sistemində qeydiyyatdan keçməkdə aktiv olmağa çağıran nazirlik rəsmisi ilk gün müşahidə edilən fəallıqdan razı qaldıqlarını bildirib: “Hacıhüseynli kəndində səyyar xidmət avtobusuna yaxınlaşan fermerlərlə söhbətlərimiz oldu. Fermerlər Elektron Kənd Təsərrüfatı Sisteminin onlara verəcəkləri üstünlükləri anlayırlar. Xidmət məntəqələrində müşahidə olunan fəallıq bunu söyləməyə əsas verir. Onların çoxsaylı suallarını könüllülərimiz, təlimə cəlb olunan əməkdaşlarımız cavablandırır. İlkin reaksiyalar müsbətdir. Həftə sonu xidmət məntəqələrinə daha çox fermerin gələcəyini gözləyirik”.
Quba və Şəkidə məlumatlandırma prosesi və EKTİS-in tətbiqinin ilkin mərhələsi başa çatdıqdan sonra fermerlərin elektron sistemdə qeydiyyatı bütün ölkə ərazisini əhatə edəcək.

Kənd təsərrüfatı 2019-02-22 13:11:00

Video