×
A
A
A
Sazlamalar

Proqressivləşən sistem skleroz təbabətin qədim xəstəliklərindən biridir

Bakı, 16 fevral, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Proqressivləşən sistem skleroz” mövzusunda seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda məruzə ilə revmatologiya şöbəsinin rezident-revmatoloqu Sevin Həsənzadə həmin xəstəliklə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. O, xəstəliyin əlamətləri, müayinə və müalicə yollarından danışıb.
Klinikanın revmatologiya şöbəsinin müdiri, professor Sahib Musayev də proqressivləşən sistem sklerozun aktual, eyni zamanda, təbabətin qədim xəstəliklərindən biri hesab olunduğunu bildirib. Professor xəstəliyin adının hətta Hippokratın əsərlərində “dəridə qalınlaşma və bərkimə” kimi öz əksini tapdığını qeyd edib. Xəstəliyin ciddi patoloji proses olduğunu bildirən şöbə müdiri onun tibbin bütün sahələrində özünü büruzə verdiyini vurğulayıb. O, həmçinin revmatoloji xəstəliklərin müayinə və müalicəsində dünya təcrübəsində istifadə olunan üsullar ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.
Mövzunun aktuallığı iştirakçıların marağına səbəb olub və onların verdiyi çoxsaylı suallar professor tərəfindən cavablandırılıb.

Səhiyyə 2019-02-16 13:39:00