×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universiteti Türkiyənin “Memorial Sağlık Grubu” ilə əməkdaşlıq əlaqələri qurur

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) və Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi ilə Türkiyənin “Memorial Sağlık Grubu”nun nümayəndələri arasında görüş keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov qonaqlara universitetin nəzdindəki klinikaların, xüsusilə Tədris Cərrahiyyə Klinikasının fəaliyyət istiqaməti, klinikada tədris və təlim sahəsində görülən işlər barədə məlumat verib və “Memorial Sağlık Grubu” ilə əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada tez-tez xarici ölkələrin, o cümlədən Türkiyədən olan mütəxəssislərin iştirakı ilə təlim xarakterli tədbirlər keçirildiyini bildirib: “Artıq beş ildir ki, fəaliyyət göstərən klinikada cərrahiyyə üzrə əsas biliklər verilir və burada 50 professor, 130 dosent çalışır. Klinikada tədrislə yanaşı tələbələr üçün treninqlər də təşkil olunur”.
Professor “Memorial Sağlık Grubu”nun mütəxəssislərinin iştirakı ilə keçiriləcək seminarda pediatriyaya aid mövzunun seçilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri, Memorial Bahçelievler xəstəxanası Doğum və Ginekologiya Mərkəzinin professoru Cihat Şen təmsil etdiyi tibb müəssisəsi haqqında məlumat verərək ATU ilə əməkdaşlığın səmərəli olacağına ümid bəslədiyini bildirib. O, klinikada təşkil olunacaq iki günlük kursların gələcək həkimlər üçün faydalı olacağını söyləyib.
ATU-nun I pediatriya, terapevtik və pediatrik propedevtika kafedrasının müdiri, professor İbrahim İsayev qarşılıqlı əməkdaşlığın perspektivinə inandığını bildirib və seminara uğurlar arzulayıb.

Səhiyyə 2019-01-18 14:36:00