×
A
A
A
Sazlamalar

Kollec tələbələrinə sosial fəaliyyət və könüllüklə əlaqədar məlumat verilib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən ”Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin ilk təlimləri 2 nömrəli Bakı Baza Tibb Kollecində keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilən təlimlərdə kollecin 25 tələbəsi iştirak edib.
Layihə rəhbəri Şəhla Mirzəzadə təlimdə çıxış edərək tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunması, onların arasında sosial fəaliyyət və könüllülüyün təbliği məqsədilə icra olunduğu haqqında məlumat verib.
Təlimin aparıldığı iki gün ərzində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması, eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sessiyaları təşkil edilib.
Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyəti və səhiyyədə könüllüklə əlaqədar öz təcrübələri barədə danışıb.
Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallara cavab verilib, maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.

Səhiyyə 2019-01-16 15:32:00