×
A
A
A
Sazlamalar

Qubada bu il süni yolla mayalandırılan heyvanlardan 700 başa yaxın bala alınıb

Quba, 13 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qubalı fermerlər son illər süni mayalama üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmağa, eyni zamanda, balavermə faizini yüksəltməyə nail olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ilin doqquz ayı ərzində 1358 baş heyvan süni yolla mayalandırılıb və 700-ə yaxın bala alınıb.
Qubalı təsərrüfatçılar süni mayalandırmada daha çox “qara-ala” və “simmental” cinslərinə üstünlük verirlər. Bu sortlar yerli şəraitə daha tez uyğunlaşır.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun mütəxəssisi Adgözəl Baxışov bildirib ki, şimal bölgəsindəki heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artımına və heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq məqsədilə on ildən çoxdur süni mayalamadan istifadə edilir. Son bir neçə ildə heyvanlarını süni mayalandırmaq üçün müraciət edən fermerlərin, eləcə də fərdi təsərrüfat sahiblərinin sayı xeyli artıb. Mütəxəssis müraciət edənlərin sayının artmasında bu sahədə əldə olunan müsbət nəticələrin xüsusi rol oynadığını qeyd edir. Bununla yanaşı, ölkədə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilir.
Mütəxəssis bildirib ki, yerli cins heyvanlar il ərzində 1400-1500 litr süd verirsə, süni mayalama yolu ilə alınan cins heyvanlarda bu göstərici 2500-3000 litr arasında dəyişir. Süni mayalama zamanı yoluxucu xəstəliklərin, xüsusən təbii cütləşmə ilə yayılan xəstəliklərin qarşısı alınır.

Kənd təsərrüfatı 2018-11-13 12:38:00