×
A
A
A
Sazlamalar

Biləsuvarda ötən aylarda süni mayalama yolu ilə 700 baş buzov doğulub

Biləsuvar, 9 noyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır. Bu da öz növbəsində, ət-süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Biləsuvarda 5 süni mayalama məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1604 baş inək və camışdan 700 baş bala alınıb. Süni mayalama yolu ilə alınan buzovlara görə rayonda 625 heyvandara 70 min manat subsidiya ödənilib.
Qeyd edək ki, 2016-cı ilin eyni dövründə rayonda süni mayalama aparılmış 400 inəkdən 94 baş buzov alınıb.

Kənd təsərrüfatı 2018-11-09 06:12:00