×
A
A
A
Sazlamalar

Bakı növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi edəcək

V Bakı Beynəlxalq Teatr Konfransına 40-dan çox ölkədən 130 xarici qonaq qatılacaq

Bakı, 2 noyabr, AZƏRTAC
Paytaxtımız növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, noyabrın 5-6-də Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusunda V Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən təşkil olunur.
Konfransa 40-dan çox ölkədən 130 xarici qonaq qatılacaq. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.
Noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək konfransın rəsmi açılış mərasimində Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxamın (Birləşmiş Ərəb Əmirlikləri), UNESCO-nun Sülh Artisti Əli Mahdinin (Sudan), Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutarın (Sloveniya), GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin (Rusiya), Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardinin (Cənubi Afrika Respublikası) və digər qonaqların çıxışı gözlənilir.

Teatr və kino 2018-11-02 09:10:00