×
A
A
A
Sazlamalar

Dağlıq və dağətəyi bölgələrdə toxumluq sahələrdə taxıl səpininə başlanılıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin tələbatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir. Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli və vaxtında səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması gələcək məhsulun əsası deməkdir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar olaraq dağlıq və dağətəyi bölgələrdə fermerlərin elit və reproduksiyalı toxuma olan tələbatının vaxtında ödənilməsi səpinin optimal müddətdə həyata keçirilməsinə zəmin yaradıb. Artıq sentyabrın 18-dən dağlıq bölgələrdə toxumluq sahələrdə taxıl səpininə başlanılıb. Dağlıq dəmyə şəraitində payızlıq taxılların səpini sentyabrın 20-dən oktyabrın 10-dək olan müddətdə başa çatmalıdır.
Respublikanın az yağmurlu quraq dəmyə bölgəsində payızlıq taxılların məhsuldarlığına təsir edən əsas amillərdən biri yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağmurları başlayana qədər başa çatdırılmalıdır.

Kənd təsərrüfatı 2018-09-25 14:58:00