×
A
A
A
Sazlamalar

Masazırda məcburi köçkünlər üçün salınmış qəsəbədə uşaqlar müayinə edilib

Bakı, 13 iyun, AZƏRTAC

“Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyi Masazırdakı məcburi köçkün qəsəbəsində valideynlər üçün təlim keçirib. “Məcburi köçkün uşaqlarda kardiorevmatoloji xəstəliklərin aşkara çıxarılması və profilaktikası” layihəsi üzrə həyata keçirilən təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sponsorluğu ilə baş tutub.
AZƏRTAC Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına (TTK) istinadən xəbər verir ki, tədbirdə “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyin sədri, ATU TTK-nın pediatrı, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva rəhbərlik etdiyi layihə barədə danışıb. Onun sözlərinə görə layihənin əsas məqsədi Abşeron rayonu Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış şəhərcikdə məskunlaşmış uşaqların kardiorevmatoloji xəstəliklərinin ilkin mərhələdə müayinə olunmasıdır. Bundan əlavə tədbir uşaqlarda xəstəliklərin aşkara çıxarılması, onların ağırlaşma riskinin minimuma endirilməsi və ağırlaşmış xəstələrə ixtisaslaşdırılmış tibbi yardımın təşkilinə kömək edəcək.
Təlimdə çıxış edən kardiorevmatoloq Asif Cəfərov həmin xəstəliklərin uşaqlarda yaranma səbəblərini ətraflı izah edib.
Sonra valideynlərin iştirakı ilə yaşı 18-dək olan 46 nəfər müayinə olunub. Onlardan 13 nəfərin müalicəyə, 1 nəfərin isə laborator müayinəyə ehtiyacı olduğu müəyyənləşib.
Təlimdə, həmçinin Zəngilan Rayon Poliklinikasının tibb işçiləri və “Ahıl və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova da iştirak edib.

 

Səhiyyə 2018-06-13 16:08:00