×
A
A
A
Sazlamalar

“Üçrəngli bayrağınla məsud yaşa…”

Bakı, 11 iyun, AZƏRTAC

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika qurulub. Üçrəngli bayrağında ay-ulduz təsvir olunan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, ana dili dövlət dili elan edilib, ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin olunub. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradılıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurulub. Bundan əlavə maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib. Cəmi 23 ay yaşamasına baxmayaraq bu zaman ərzində xalqın mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) professor-müəllim heyəti, rezident və müdavimlərin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş müşavirədə məhz bu barədə danışılıb.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirəni institutun rektoru, professor Nazim Qasımov açaraq bildirib ki, 100 il əvvəl Cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı idi. Qeyd olunub ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız Cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək tarixi varislik üzərində müstəqil dövlətini yaradıb.
Sonra Azərbaycan Təbabət muzeyinin direktoru Sadatxan Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və səhiyyə”, Ə.Əliyev adına ADHTİ-nun prorektoru Təyyar Eyvazov “Azərbaycan səhiyyəsi sovet quruculugu illərində”, Azərbaycan Respublikası Dövlət Elmi Tibb kitabxanasının direktoru Yeganə Pirəliyeva ”Azərbaycan tibb elminin tarixi”, Ə.Əliyev adına ADHTİ-nun hematologiya kafedrasının müdiri Elmira Qədimova ”Heydər Əliyev və səhiyyə”, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov ”Azərbaycan səhiyyəsi XXI əsrdə” mövzularında çıxış ediblər.

Səhiyyə 2018-06-11 11:51:00