×
A
A
A
Sazlamalar

Şeyxlər başçısının şərəfinə tikilmiş abidə - Yusif Küseyir oğlu türbəsi

Naxçıvan, 23 avqust, AZƏRTAC

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan əsrlər boyu zəngin irsimizi qoruyub yaşadan, Şərq memarlığının möhtəşəmliyini, türk-islam mədəniyyəti nümunələrini özündə əks etdirən tarixi abidələri ilə zəngindir. Belə abidələrdən biri də tarixi səkkiz əsr bundan əvvələ söykənən, Əcəmi qüdrətinin ilk bəhrəsi olan Yusif Küseyir oğlu türbəsidir.
Türbənin ikiqat günbəz quruluşu zəmanəmizə qədər ilkin şəklini mühafizə edən və bu günümüzə gəlib çatan yeganə günbəztipli abidə nümunəsidir.
AZƏRTAC xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli abidə ilə bağlı məlumat verib. Bildirib ki, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə, Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan bu abidə 1162-ci ildə tikilib. Bu haqda məlumat günbəzin yuxarı səthində yerləşən kitabədə qeyd olunub. Abidə yeraltı sərdabadan və yerüstü qülləvarı hissədən ibarətdir. Sərdaba yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Abidənin yerüstü hissəsi daxildən və xaricdən səkkizbucaqlı formasındadır.
Türbənin qülləsi iç və bayır taxçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr qəfəs quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını gücləndirir. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan tikilinin uzunömürlülüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvarı türbələri sırasında üst piramidal örtüyü 800 ildən artıq bir müddətdə salamat qalan yeganə abidədir.
Türbənin bütün səkkiz səthi müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər bişmiş kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Bunu da qeyd etmək istərdik ki, Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü yalnız bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənib. Bu da abidənin aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları, bol kölgə, işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.
Quruluş etibarı ilə türbənin yalnız bir səthi – Qərb tərəfə baxan səthi başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə portal şəklini alıb.
Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməyib. Onun bayır taxçalarının içi kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənib. Taxçaların üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır. Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb. Türbənin əsas fasadından sol tərəfdəki kitabə bu memarlıq abidəsinin memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyinə işarə verir: “Bənna memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir”. Türbənin üzərindəki digər kitabədə isə yazılıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Şiş uclu piramidal örtük sanki bütöv prizmatik gövdəyə deyil, yazı qurşağının incə şəbəkəsinə söykənir. Memar taxçaların içini də naxış kompozisiyaları ilə bəzəyib, künclərin vertikal ritmini, konstruktiv dəyərini qabardıb. Həmçinin bayır səthlərin, beləcə, yerinə uyğun işlənməsi, bütövlükdə, türbənin yüksək memarlıq-bədii görkəm, arxitektonik quruluş almasına səbəb olub.
Memar türbənin şimal üzünə baştağ kompozisiyası verib, onda yerüstü qülləyə giriş qapısı yerləşdirib. Qapı gözü daha dərin taxça içərisinə salınıb, üstü böyük kitabə lövhəsi ilə bəzədilib. Memar ayrıntıları, biçimləri incə işləməklə bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirib.
Qeyd edək ki, son illərdə muxtar respublikada tarixi abidələrə göstərilən dövlət qayğısı Yusif Küseyir oğlu türbəsini də əhatə edib. Belə ki, türbənin içərisinə elektrik xətti çəkilərək işıqlandırma sistemi qurulub. Abidənin ətrafında isə abadlıq işləri aparılıb, ərazidə yaşıllaşdırma tədbirləri həyata keçirilib, oturacaqlar qoyulub.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Regionlar 2017-08-23 18:19:00