×
A
A
A
Sazlamalar

Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

Bu il respublikanın 41 rayonunda və Naxçıvanda barama yetişdiriləcək

 

Qax, 20 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə yaş barama istehsalı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən 6 min qutu hibrid ipəkqurdu sənaye toxumu (qrena) inkubasiyaya qoyulmaq üçün aprelin 20-də Qax Damazlıq İpəkçilik Stansiyasına gətirilib.
AZƏRTAC-ın bölgə müxbiri Damazlıq İpəkçilik Stansiyasında olub, inkubasiya olunacaq ipəkqurdu toxumunun məntəqələr üzrə paylanılması bölgüsü ilə maraqlanıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, bundan əlavə, 2023-cü ildə Qax Damazlıq İpəkçilik Stansiyasında da builki mövsümdə kümçülərə paylanılmaq üçün yerli istehsal hesabına 3 min qutu elit və sənaye tut ipəkqurdu toxumu hazırlanıb. Beləliklə, bu il respublika üzrə kümçülərə 9 min qutu ipəkqurdu toxumunun inkubasiya olunaraq paylanılması nəzərdə tutulur.
Direktorun sözlərinə görə, builki mövsümdə respublikanın 41 rayonunda, həmçinin ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan ipəkqurdu toxumunun 4785 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 2235 qutusu Bərdə, 1000 qutusu Zərdab, 650 qutusu Zaqatala, 330 qutusu Ağsu rayonlarındakı baramaqurutma məntəqələrində inkubasiyaya qoyulacaq. Naxçıvana isə 30 qutu ipəkqurdu toxumu göndəriləcək.
Direktor bildirib ki, Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumunun 2 mərhələdə - aprelin 29-30-da Aran bölgəsi rayonlarının kümçülərinə, mayın 3-4-də isə dağlıq və dağətəyi ərazidə yerləşən rayonların kümçülərinə paylanılması nəzərdə tutulur. Ümumiyyətlə, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunacaq ipəkqurdu toxumu 28 rayonun kümçülərinə paylanılacaq.

Regionlar 2024-04-20 22:09:00