×
A
A
A
Sazlamalar

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Naxçıvan, 20 aprel, AZƏRTAC

Aprelin 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə ümumi təhsil məktəblərində təhsil alan 30-a yaxın şəhid övladının Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə şagirdlər mərkəzlə yaxından tanış olub, sonra onlarla görüş keçirilib. Görüşdə tarixi Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından bəhs edilib.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev məktəblilərə hədiyyələr təqdim ediblər. Uşaqlar üçün əyləncəli, interaktiv oyunlar, kompozisiyalar və konsert proqramları təşkil olunub. Məktəblilər təşkilatçılarla birlikdə futbol da oynayıblar. Şəhid övladları öz istedad və bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, tədbirin məqsədi torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmək, Vətənə əmanət olan övladlarına qayğının daimi olacağını bir daha hiss etdirmək və onlara xoş və maraqlı bir gün bəxş etmək olub. Şəhid övladları üçün nəzərdə tutulan bu cür tədbirlər yay tətili dövründə də davam etdiriləcək.

Regionlar 2024-04-20 16:25:00