×
A
A
A
Sazlamalar

Elxan Abdullayev: “Qarabağ” çempionluğu təmin etdikdən sonra daha əyləncəli oynayır

Bakı, 9 aprel, AZƏRTAC

“Mövsümün sonunda hansı komandanın avrokuboklara vəsiqə qazanacağı ilə bağlı indidən proqnoz vermək çox çətindir. Çünki komandalar arasında xal fərqi azdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXIX turunun oyunlarını şərh edərkən deyib.
Mütəxəssis açılış matçında “Kəpəz”in “Araz-Naxçıvan”a qalib gəlməsinin (2:1) sürpriz olmadığını bildirib: “Kəpəz”də son zamanlar çox irəliləyiş var. Artıq sonuncu pillədə olan “Qəbələ” ilə xal fərqi çoxdur. “Araz-Naxçıvan” isə mövsümə yaxşı başlasa da, davamını gətirə bilmədi. Desək ki, heyəti zəifdir, yalan olar. Komandada keyfiyyətli futbolçular var”.
O, “Turan Tovuz”un “Sabah” üzərində layiqli qələbə (2:0) qazandığını söyləyib: “Tovuz səfəri hər zaman çətin olur. Komanda doğma meydanda fərqli mübarizə aparır. Qış transfer dövründə heyətə cəlb olunan Aleks Souza özünü yaxşı tərəfdən göstərir. Bu cür səviyyəli futbolçuların çempionatımızda oynaması müsbət məqamdır. Düşünürəm ki, Ayxan Abbasovun komandasının avrokuboklara düşmək şansı var. “Sabah”a gəlincə, yaxşı baş məşqçiyə sahibdir. Mövsümə uğursuz başlasalar da, indi medallar uğrunda mübarizə aparırlar”.
“Qarabağ”ın “Səbail”i 4:2 hesabı ilə məğlub etdiyi görüşə də toxunan 54 yaşlı mütəxəssis Ağdam təmsilçisinin indi daha rahat və baxımlı oyun sərgilədiyini vurğulayıb: “Bu komanda ilə çempionatda başabaş mübarizə aparacaq rəqib yoxdur. İstədikləri zaman böyük hesabla qalib gələ bilirlər. Çempionluğu vaxtından əvvəl təmin ediblər və meydanda sanki əylənirlər. “Səbail” isə əzmkar komandadır. Lakin böyük rəqiblərlə oynamaq çətindir. Fikrimcə, “Qarabağ” istisna olmaqla, digər 9 komanda eyni səviyyəlidir”.
“Zirə” – “Qəbələ” (4:0) oyunundan da söz açan E.Abdullayev bölgə təmsilçisinin bu cür nəticələr göstərməsini ötənilki heyətini saxlaya bilməməsi ilə əlaqələndirib: “Zirə” bu mövsüm medallara əsas namizəddir. Komanda çox yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə matçda istədiklərini rahat şəkildə həyata keçirə bildilər. Qonaqlar isə hələ də özünə gələ bilmir. Kaxaber Sxadadze güclü məşqçidir, amma o da bilməliydi ki, hansı komandaya gəlir. Təəssüf ki, bu gedişlə “qırmızı-qaralar” liqanı sonuncu pillədə bitirəcək”.
Son olaraq “Neftçi” – “Sumqayıt” (1:1) matçını dəyərləndirən mütəxəssis heç-heçənin ədalətli nəticə olduğunu əlavə edib: “Bərabər səviyyəli oyun getdi. Hər iki komanda qol epizodları yaradırdı. Meydan sahibləri daha aqressiv mübarizə aparırdılar. Bu kollektivlər arasında oyunlar hər zaman gərgin keçir. Fikrimcə, hakimlərin də bəzi yerlərdə səhv qərarları oldu”. Qeyd edək ki, hazırda turnir cədvəlinə 72 xalla “Qarabağ” başçılıq edir. “Zirə” 45 xalla 2-ci, “Neftçi” 44 xalla 3-cüdür.

İdman 2024-04-09 11:21:00