×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı: Hədəfimiz Dünya Kubokunda da Avropa çempionatında qazandığımız uğuru təkrarlamaqdır

Bakı, 9 aprel, AZƏRTAC

Sevinirəm ki, qələbəmizlə Azərbaycan gimnastika tarixində ilkə imza atdıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində Portuqaliyanın Qimarayeş şəhərində keçirilən Avropa çempionatında tamblinq üzrə komanda hesabında qızıl medal qazanan yığma üzvü Mixail Malkin jurnalistlərə açıqlamasında deyib.
O, fərdi çıxışından razı qalmadığını bildirib: "Komanda hesabında uğur qazansaq da, fərdi çıxışımda buna nail ola bilmədim. İstərdim ki, Azərbaycana iki qızıl medal gətirim, lakin alınmadı. Əsas odur ki, mükafata yiyələndim".
İdmançı növbəti hədəflərindən bəhs edib: "İyul ayında Portuqaliyanın Koimbra şəhərində Dünya Kuboku təşkil olunacaq. Yaxşı hazırlaşacağıq ki, orada da nailiyyətlərimizin davamını gətirək".
Qeyd edək ki, tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Əliyev (tamblinq) isə fərdi çıxışda gümüş mükafat qazanıb.

 

İdman 2024-04-09 07:14:00