×
A
A
A
Sazlamalar

Yığmanın basketbolçusu: Olimpiadaya vəsiqə qazansaq, sevincimdən günlərlə ağlayacağam

Bakı, 8 aprel, AZƏRTAC

“Azərbaycan millisi Olimpiadaya vəsiqə qazansa, sevincimdən günlərlə ağlayacağam”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 millisinin üzvü Mersedes Volker “Paris-2024” Yay Olimpiya Oyunları üçün keçirəcəkləri təsnifat oyunları barədə danışarkən deyib.
O, Çili yığması ilə ilk oyunun asan olmayacağını bildirib: “Həmin görüşdə qələbə qazanmaq istəyirik. Burada əldə edəcəyimiz nəticə Monqolustan və Niderlandla oyunlara motivasiyalı çıxmağımıza şərait yaradacaq. Meydanda bütün gücümüzü ortaya qoyacağıq. Anlayırıq ki, təsnifatda uğurlu çıxış etsək, adımızı Azərbaycan basketbol tarixinə yazdıracağıq. Mən bu şərəfi özümlə ömrümün sonunadək daşımaq istəyirəm. Tailandda təşkil olunan turnirdə ikinci yeri tutmağımız bizə əlavə motivasiya verdi. Oradakı performansımızı Honkonqda da davam etdirmək niyyətindəyik”.
38 yaşlı basketbolçu Azərbaycan xalqının dəstəyinin onlar üçün önəmli olduğunu söyləyib: “Azərbaycan mənim ikinci vətənimdir. Bu duyğunu sizinlə yaşamaq istəyirəm. Söz verirəm ki, meydanda sonadək döyüşəcəyəm”.
Qeyd edək ki, Honkonqdakı turnirin B qrupunda mübarizə aparacaq Azərbaycan millisi aprelin 12-də Çili, bir gün sonra isə Monqolustan və Niderlandla üz-üzə gələcək.

İdman 2024-04-08 16:53:00