×
A
A
A
Sazlamalar

“Araz-Naxçıvan” klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 8 aprel, AZƏRTAC

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın yeni baş məşqçisi təyin olunub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, mütəxəssislə bu gün rəsmi müqavilə imzalanıb. O, bu vəzifədə Azər Bağırovu əvəzləyib.
Ardınca klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb.
“Araz-Naxçıvan”ın məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.
Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.

İdman 2024-04-08 15:24:00