×
A
A
A
Sazlamalar

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Bakı, 7 may, AZƏRTAC

“Karyeramda ilk dəfə Türkiyə Superliqasının qalibi oldum. Möhtəşəm hissdir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Nazlıcan Parlak “Qalatasaray”ın heyətində Türkiyə çempionu olması barədə danışarkən deyib.
31 yaşlı futbolçu azarkeşi olduğu komanda ilə çempionluq yaşadığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib: “Hisslərimi sözlə ifadə etmək çətindir. Futbol həyatımın ən gözəl gününü yaşadım. Çox xoşbəxtəm. Bizim üçün gərgin mövsüm keçdi. Son tura qədər çempionluq yolunda rəqiblərimiz “Fənərbağça” və “Fomget”lə mübarizə apardıq. Bütün “Qalatasaray” azarkeşlərini təbrik edirəm. Bu cür böyük komandada çıxış etdiyim görə özümlə fəxr edirəm”.
N. Parlak çempionluğu Azərbaycan millisində də birlikdə çıxış etdiyi Kristina Bakarandze ilə xüsusi qeyd etdiklərini vurğulayıb: “Oyundan sonra komanda yoldaşım Kristina ilə birlikdə Azərbaycan bayrağını açdıq. Buna görə çox qürurluyuq”.
Qeyd edək ki, mövsümün son turunda “ALG Spor”a 2:0 hesabı ilə qalib gələn “sarı-qırmızılar” 71 xalla 1-ci yeri tutub.

İdman 2024-05-07 11:03:00