×
A
A
A
Sazlamalar

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Qəbələ, 28 mart, Mustafa Dadaşov, AZƏRTAC

Novruz bayramı günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunub.
Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bayram günlərində qoruq ərazisinə səfər edən turistlər qoruğun tarixi məkanlara - Antik şəhər yerinə, Səlbir və Qala ərazilərinə, həmçinin arxeoloji qazıntı işləri aparılmış yerlərə baxıb, qazıntılar zamanı aşkar olunmuş su və təsərrüfat quyuları, qədim şəhərin ərazisini əhatə edən müdafiə sədləri, ictimai bina qalıqları, qiymətli maddi-mədəniyyət abidələri ilə əyani şəkildə tanış olublar. Turistlər, həmçinin Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş olunan arxeoloji eksponatlara baxıblar. Ziyarətçilərə ərazidə aparılmış arxeoloji qazıntılar, aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb. Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib.
Direktorun sözlərinə görə, bayram günlərində qoruğu ziyarət edən əcnəbi turistlər arasında Rusiya, İspaniya və İndoneziyadan gələnlər üstünlük təşkil edib.

 

Regionlar 2024-03-28 11:28:00