×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın növbəti bölmə iclası Çində keçirilib

Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın bölmə iclasları Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Aprelin 22-də Çinin Huzhou Universitetində beynəlxalq konfransın “Bir kəmər–bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib.
İclasda ADU-nun nümayəndə heyəti, Huzhou Universitetinin müəllim və tələbələri, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Azərbaycanın Çindəki səfirliyinin nümayəndələri iştirak ediblər.
Bölmə iclası işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.
Tədbirdə Huzhou Universitetinin prezidenti Zhang Licinin və ADU-nun rektoru akademik Kamal Abdullayevin təbrik və təşəkkür məktubu oxunub.
Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Professor bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib və bu gün xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın gələcək inkişafı üçün Azərbaycanda hüquqi baza artıq yaradılıb.
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yolu” mövzusunda məruzə ilə çıxış edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm ölkəsidir, Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.
Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru, professor Yan Denke "İpək Yolu üzərində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, tarixi “İpək Yolu” istiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq və Qərb arasında elmin, mədəniyyətin və ideyaların yayılması istiqamətində körpü rolu oynayır.
Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru, professor Zhu Din Avropa və Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın və qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin və təcrübələrin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycanın bu istiqamətdə apardığı siyasi xətdən danışan professor ölkəmizin Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsü olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Çindəki səfirliyinin birinci katibi Samir Məmmədov son illərdə Azərbaycan ilə Çin arasındakı ikitərəfli və çoxtərəfli münasibətlərin bütün sahələrdə durmadan inkişaf etməsindən, “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin dəstəyindən, bir neçə ay öncə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən, ölkələrimiz arasında ticari və mədəni əlaqələrin başlanğıcının hələ Qədim İpək Yolu dövrünə təsadüf etməsindən danışıb. O, həmçinin ümummilli lider Heydər Əliyevin dərin dövlətçilik ideologiyasının əhəmiyyətindən və onun əsasını qoyduğu multikulturalizm siyasətinin ölkəmizdəki müxtəlif xalqların birgə və firavan yaşamasında rolundan bəhs edib.
Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxcəhətli fəaliyyətlərini əks etdirən "Azərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü" adlı kitabı təqdim olunub.

Elm və təhsil 2018-04-23 22:17:00