×
A
A
A
Sazlamalar

Türkiyəli professor Yavuz Akpınara Ədəbiyyat İnstitutunun “İlin alimi” mükafatı təqdim olunub

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi şurasının qərarı ilə türkiyəli yazıçı, tədqiqatçı, professor Yavuz Akpınar “İlin alimi” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, aprelin 23-də institutun elektron akt zalında mükafatın təqdimetmə mərasimi keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Y.Akpınarın bu mükafata Azərbaycan ədəbiyyatının Türkiyədə tədqiqi və təbliği istiqamətində araşdırmalarına görə layiq görüldüyünü bildirib.
İ.Həbibbəyli daha sonra Y.Akpınarın hələ sovet dövründə Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı araşdırmalardan bəhs edib. Bildirib ki, alim Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundzadənin yaradıcılığına dair doktorluq işi müdafiə edib, həmçinin “Əkinçi”, “Şərqi-Rus”, “Həyat” qəzetləri, “Füyuzat”, “Molla Nəsrəddin”, “Yeni Qafqasya” jurnalları, o cümlədən İsmayıl Qaspiralı ilə bağlı önəmli araşdırmalar aparıb. O, Y.Akpınarın uzun illər Ərzurum Atatürk və Egey universitetlərində Azərbaycan ədəbiyyatını tədris etdiyini deyib, “Nəriman Nərimanov” dövlət mükafatına, eləcə də Azərbaycan Yazıçılar Birliyinin “Rəsul Rza” mükafatına layiq görüldüyünü xatırladıb.
Akademik, həmçinin tədqiqatçının 1982-ci ildə İbrahim Bozyellə birgə təsis etdiyi “Qardaş ədəbiyyatlar” jurnalının iki ölkə arasında ədəbi əlaqələrin qurulmasında və inkişafında önəmli rol oynadığını vurğulayıb.
Sonra akademik İ.Həbibbəyli professor Yavuz Akpınara “İlin alimi” mükafatını və döş nişanını təqdim edib, ona elmi fəaliyyətində uğurlar arzu edib.
Daha sonra çıxış edən professor Yavuz Akpınar hazırda M.Ə.Rəsulzadənin Azərbaycan tarixinə dair 120 səhifəlik çap olunmamış kitabı, o cümlədən 10-a yaxın dərc edilməmiş məqaləsini nəşrə hazırladığını bildirib. Alim Azərbaycanın tarixinə, qəzet və jurnallarına, eləcə də görkəmli ədəbiyyatçılarına dair Türkiyə mənbələrində önəmli faktların olduğunu və onların tədqiqinə zərurət yarandığını deyib.
Tədbirdə, həmçinin filologiya elmləri doktoru, professor Şirindil Alışanov, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir və başqaları çıxış edərək Yavuz Akpınarın Azərbaycan ədəbiyyatına dair tədqiqatlarından, iki ölkə arasında ədəbi əlaqələrin inkişafındakı xidmətlərindən və insani keyfiyyətlərindən danışıblar.

Elm və təhsil 2018-04-23 17:45:00