×
A
A
A
Sazlamalar

Velosiped idmanının BMX növü üzrə dünya çempionatının startına 100 gün qalır

Bakı, 25 fevral, AZƏRTAC
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə keçiriləcək dünya çempionatının başlanmasına 100 gün qalır. Yarışa hazırlıqla bağlı görülən işlər həlledici mərhələyə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, 1970-ci illərdə ABŞ-da yaranan bu idman növü qısa müddətdə populyarlaşıb və 1981-ci ildə Beynəlxalq BMX Federasiyası təsis edilib. Bir ildən sonra isə bu növ üzrə ilk dünya çempionatı keçirilib. 1993-cü ildə Beynəlxalq BMX Federasiyası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) tərkibinə daxil olub. 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin konqresində BMX idman növünün Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə qərar qəbul edilib. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından etibarən BMX dördilliyin zirvə yarışının tamhüquqlu üzvünə çevrilib.
Azərbaycanda BMX idman növü ilə ilk əyani tanışlıq “Bakı-2015” ilk Avropa Oyunları zamanı olub. Ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı 2018-ci il dünya çempionatının təşkilini Azərbaycan Velosiped İdmanı Federasiyasına etibar edib. 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub: trekin uzunluğu və eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
Mötəbər yarışın keçiriləcəyi BMX trekində aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabrında burada təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatını qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən, Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu günədək 30-dan çox ölkə çempionatda iştirakla bağlı müraciət edib.

İdman 2018-02-25 08:15:00