×
A
A
A
Sazlamalar

Tbilisidə WK-1 idman növü üzrə Avrasiya kuboku turniri keçiriləcək

Tbilisi, 25 fevral, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə WK-1 idman növü üzrə Avrasiya kuboku turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmiz turnirdə 8 idmançı ilə təmsil olunacaq. Azərbaycan idmançısı, tədbirin təşkilatçılarından biri, “Qartal” peşəkar idman klubunun prezidenti, beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi Yaqub İbrahimov yarış öncəsi keçirilən brifinqdə deyib ki, Gürcüstanda ilk dəfə təşkil olunan Avrasiya kuboku uğrunda yarışlarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Rusiya və Türkiyədən ümumilikdə 120 idmançı mübarizə aparacaq. Onlardan 22-si peşəkar, 98-i həvəskar idmançılardır. Azərbaycan idmançılarından 3-ü peşəkar, 5-i isə həvəskar səviyyədə yarışacaq.
Peşəkar idmançılarımızdan Babək Qəmbərov 54 kq çəki dərəcəsində qazaxıstanlı Janovi Salemqereyevlə, Sənan Qasımov (57 kq) yenə qazaxıstanlı Jondos Nazarbayevlə, Murad Babayev (71 kq) gürcüstanlı Gote Quraşidze ilə qarşılaşacaq.
Çempionatda Gürcüstan vətəndaşı olan iki azərbaycanlı da mübarizə aparacaq. Soydaşımız Seymur Qarayev 60 kq çəki dərəcəsində həmyerlisi Nodar Xotenaşvili, Anar Şərifov isə 63,5 kq çəki dərəcəsində Türkiyədən olan idmançı Sercan Sincar ilə yarışacaq.
Peşəkar rinqdə, həmçinin Türkiyə idmançısı Onur Şəkər (67 kq) gürcü Gogo Xotonaşvili, qazaxıstanlı Koyca Alleberden (75 kq) gürcü Otar Qoraverişvili, qazaxıstanlı idmançı Dauren Kərimov (81 kq) Gürcüstan idmançısı Lekson Oniani ilə güclərini sınayacaqlar.
Qeyd edək ki, çempionatın informasiya təminatçılarından biri də AZƏRTAC-dır.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2018-02-25 01:04:00