×
A
A
A
Sazlamalar

Atçılığın konkur növü üzrə “Arzu” kubokuna yekun vurulub

Bakı, 24 fevral, AZƏRTAC

Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Arzu” kuboku turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə “E” (80-85 sm) və “M*” (120-125 sm) kateqoriyaları üzrə yarışlar keçirilib.
“E” kateqoriyası üzrə yarışda “Sərhədçi” klubunun idmançısı Dünyamalı Qurbanbəyov “Wasab I” ləqəbli atla birinci yerə yüksəlib. Atçılıq məktəbinin idmançısı Rüstəm Hümbətov “Carry Sanders” ləqəbli atla ikinci, “Omar” klubunun təmsilçisi Nurlan Rüstəmov isə “Emily Du Barbour” ləqəbli atla üçüncü pillədə qərarlaşıb.
“M*” kateqoriyası üzrə yarışda ilk pilləyə “Sərhədçi” klubunun idmançısı Seyid Musayev “Cissy” ləqəbli atla yüksəlib. Turnirdə “Murad” klubunun idmançısı Kərim Abdullayev “Clima” ləqəbli atla gümüş medala layiq görülüb. “Elite” klubunun çaparı Elmar Abdullayev isə “Cera 59” ləqəbli atla bürünc medalla kifayətlənməli olub.
Yarışın ikinci mərhələsində “S*” (130-140 sm) kateqoriyası üzrə təşkil olunan mübarizədə hər yaş qrupundan idmançılar iştirak ediblər. Bu kateqoriya üzrə birinci yerin və “Arzu” kubokunun qalibi “Concorde 57” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Seyid Musayev olub. İkinci yerə “Omar” klubunun təmsilçisi Ələkbər Məmmədov “AFPS Chantal 261” ləqəbli atla, üçüncü pilləyə isə Murad Klubunun idmançısı Kərim Abdullayev “Clima” ləqəbli atla yüksəlib.
İkigünlük turnirin ümumi mükafat fondu 5000 manat olub.

İdman 2018-02-24 19:59:00