×
A
A
A
Sazlamalar

Binəqədi Rayon Polis İdarəsində Xocalı faciəsi ilə əlaqədar qanvermə aksiyası keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə anım mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl idarənin şəxsi heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunan və həmin dəhşətli gecəni əks etdirən fotostendə baxıblar.
Anım mərasimi Xocalı faciəsi qurbanlarının və Qarabağ müharibəsində şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov tədbirdə çıxış edərək Xocalı soyqırımının bəşər tarixində ən qanlı faciələrdən biri olduğunu deyib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin xarici havadarların dəstəyi ilə xalqımıza qarşı törətdiyi bu qanlı cinayət nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. N.İsmayılov Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının rolunu xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, tarixçi Elxan Kərimov, həmçinin idarənin digər əməkdaşları Xocalı soyqırımının günahkarlarının beynəlxalq məhkəməyə verilməsini, tarix qarşısında cavab vermələrini tələb ediblər.
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsində qanvermə aksiyası təşkil olunub. Polis idarəsinin 300-ə yaxın şəxsi heyəti aksiyada könüllü iştirak edib.
Aksiyada toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.

Xocalı faciəsi 2018-02-24 17:33:00